Tuesday, May 26, 2015

Cəmo bəy Cəbrayılbəyli Dövlət himninin sözlərinin müəllifi.

Dövlət himnimizin sözlərinin müəllifi Əhməd Cavad deyil Şamaxılı Cəmo Cəbrayılbəylidir !
Tarixçi Möhsün Əliyev 1990-cı ildə “Ədəbiyyat və incəsənət” qəzetinin 20 aprel nömrəsində yazdığı məqalədə vurğulayır ki, “Azərbaycan Milli marşı”nın sözləri Əhməd Cavadın, “Azərbaycan marşı”nın sözləri isə Cəmo Cəbrayılbəylinindir . Azadlıq meydanında ilk dəfə üçrəngli bayrağı tikən xanımın 7-8 yaşlı nəvəsi “Azərbaycan marşı”nı meydanda oxudu. Meydanda da elan olundu ki, bu, Əhməd Cavadın şeiridir. Eyni zamanda Milli Azadlıq Hərəkatı ilə bağlı müxtəlif toplantılarda ADR-in himni ifa olunmağa başladı. Qəribə və anlaşılmaz olan budur ki, himn adına Üzeyir bəyin “Azərbaycan Milli marşı” yox, “Azərbaycan marşı” oxunurdu.1992-ci ildə Xalq Cəbhəsi hakimiyyətə gələndən sonra milli atributların bərpası məsələsi gündəmə gəldi. Burada mübahisəli məsələ gerb və himnlə bağlı idi. O zaman Firudin Cəlilovun sədrliyi ilə bir dövlət komissiyası yaradıldı. Dövlət komissiyası əvvəlcə gerbi təsdiqlədi. Bu gerb də mübahisələrə səbəb oldu ki, rəmzlər uyğun gəlmir, başqa variantlar üzərində işləmək olar.Axı bu gerb Cümhuriyyətin gerbidir.Elədir, amma bu gerbin müəllifi yəhudidir. Bu məqam narazılıq yaratmışdı. Ancaq rəhmətlik Əbülfəz Elçibəy bu gerbin üzərində dayandı və dedi ki, bu olmalıdır. Elçibəy Cümhuriyyətin varisi olmağımızı əsas götürdü və bildirdi ki, təftiş etməyək. Komissiya da “Azərbaycan marşı”nı himn kimi təsdiqləyəndə, sözlərin Əhməd Cavada məxsusluğunu rəsmiləşdirir. 27 may 1992-ci ildə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra edən İsa Qəmbərin fərmanı ilə musiqisi Üzeyir Hacıbəyovun, mətni Əhməd Cavadın olan “Azərbaycan marşı” Azərbaycan Respublikasının Dövlət Himni kimi təsdiq olunur. Bununla da iki tarixi yanlışlıq rəsmi “status” qazanır. Birincisi, dövlət himni kimi bu məqsədlə yazılmış “Azərbaycan Milli marşı” yox, başqa əsər təsdiq edilir. İkincisi, fikir müxtəlifliyinə baxmayaraq, heç bir ciddi arqument göstərmədən mətnin müəllifi kimi Əhməd Cavadın adı rəsmiləşdirilir. Bu qərar çap olunana qədər bu şeir heç bir yerdə Əhməd Cavadın adına işıq üzü görməyib. Heç kim bircə yerdə də demir ki, bu, Əhməd Cavadın şeiridir. Nə Əhməd Cavadın dostları, nə də düşmənləri bu barədə yazıb, danışıb. Əhməd Cavadın “Göygöl” şeirində sətiraltı ifadələr tapıb ona ittiham irəli sürürdülər. “Azərbaycan marşı” isə birbaşa “güllələnmə maddəsidir”. Ancaq çox maraqlıdır ki, Əhməd Cavada bu şeirə görə ittiham irəli sürülməyib. Donos yazanlar da bu barədə qeydlər etməyi lazım bilməyib. Xaricdə Əhməd Cavadla bağlı qalaq-qalaq məqalələr yazılıb, amma həmin yazıların heç birində qeyd olunmayıb ki, Əhməd Cavad Cümhuriyyət himninin müəllifidir. Məmməd Əmin Rəsulzadə, Mirzəbala Məmmədzadə kimi müəlliflər də bu barədə heç nə yazmayıblar.1919-cu ildə “Vətən nəğmələri” adlı bir almanax çıxıb. Bu kitab Azərbaycan şairlərinin Vətən haqqında şeirlərinin toplusudur. Rəsmi hökumət mətbəəsində çap olunub. Bu kitabda Cəmo bəy imzası ilə indiki himnimizin mətni çap olunub. O mətnlə indiki mətn arasında çox cüzi fərqlər var. Bu da onunla bağlıdır ki, Üzeyir bəy həmin mətni marşa söz kimi seçəndə musiqiyə uyğun bəzi dəyişikliklər edib. Məsələn, “Hüququn dərk edən əfrad” misrasını Üzeyir bəy “Hüququndan keçən əsgər” formasına salıb. Əfrad fərd sözünün cəmidir. Hüququnu dərk edən insan qəhrəmana çevirilir, şair bunu deyir. Onu da deyim ki, Cümhuriyyət dövründə himnlə bağlı müsabiqə keçirilib. Müsabiqə hansı formada keçirilib, Münsiflər Heyəti kimdən ibarət olub, bu barədə heç bir yerdə məlumat tapa bilməmişəm. Amma Üngörün “Türk marşları” kitabında “Azərbaycan Milli marşı” haqqında yazılıb: “Milli Azərbaycan xalq maarif naziri Nəsib bəy Yusifbəyli zamanın hökumətindən yazılı olaraq tələb etdiyi xüsuslardan bəziləri bunlardır:
“Azərbaycan Milli Marşı”nın tənzim və seçimi üçün bir müsabiqə açılmalıdır. Marşların son qəbul tarixi üçün 1 fevral 1920 günü münasibdir.Seçiləcək olan marşın bəstəkarını 15.000 manat ilə mükafatlandırmalı.14 noyabr 1919 tarix və 246 saylı Azərbaycan qəzeti bildirir ki, açılan yarışmada ünlü Azərbaycan bəstəçisi Üzeyir Hacıbəylinin əsəri birincilik qazanmışdır.Şəxsən mən himni dəyişmək söhbətini heç bir zaman etməmişəm. Bunun qəti əleyhinəyəm. Mən, sadəcə, Cəmo bəyin hüququnun bərpasını istəyirəm. “Azərbaycan Miili marşı” həm musiqi, həm də mətn baxımından indiki himnimizdən zəifdir. Digər tərəfdən, Vətən haqqında dillər əzbəri olan şeirlər çox azdır, onlardan biri də indiki himnimizdir. İndi bunu nə deyib dəyişəcəksən?
Azərbaycan, Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üç rəngli bayrağınla məsud yaşa!
Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!
Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!
Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən, şanlı Vətən!
Azərbaycan, Azərbaycan!

No comments:

Post a Comment